Azərbaycandakı xanlıqların tarixini və onları idarə etmiş şəxsləri aşağı-yuxarı bilirik. Məsələn, Gəncəni Qacarların bir qolu olan Ziyadoğlular, Şamaxını Xançobanılar idarə edirdi. Bugünkü yazımda isə əsas araşdırma mövzumuz Bakıxanovlar olacaq. Abbasqulu ağa Bakıxanovu bilirik. Bəs ondan əvvəlkilər? Görünür bu haqda Abbasqulu ağa da çox məlumat verə bilmir… Bəlkə də verir amma biz xatırlamırıq? Gəlin araşdıraq.

“Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” jurnalının baş redaktoru Eldar İsmayılovun həmin jurnalın 7-ci sayının (2010) 77-ci səhifəsində qeyd edir ki, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani İrəm” əsərinin Azərbaycan dilinə olan tərcüməsində (1951) Bakıxanovlar nəslinin bilinən ilk nümayəndəsi olan Məhəmmədhüseyn bəyin haqqındakı məlumata “əlavə qarışıqlıq yaradır” deyə yer verməyib və əvəzinə nöqtələr əlavə olunub. Həmin sitatı yerləşdirirəm:

“Yazılı mənbələr və şifahi xəbərlərdən anlaşıldığı üzrə, Dərgahqulu bəy ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəyin keçmiş babaları… gilanlı Xan Əhməd hadisəsi zamanında, hicri 1000-ci (=1592) ildə, Şirvana gəlib Bakıda mülk sahibi və yüzbaşı rəisi olmuşdular.”

Sara Aşurbəyli isə “Bakı şəhərinin tarixi” əsərində həmin hissəni belə qeyd edir:

“Dərgahqulu bəy ibni-Heybət Təbəsəran ispahbadları nəslindən olan Nurkucur malikləri ailəsindəndir. Onun keçmiş babaları gilanlı Xan Əhməd hadisəsi zamanında, h.1000 (1592)-ci ildə Şirvana gəlib, Bakıda mülk sahibi və yüzbaşı rəisi olmuşlar.”

Müqayisə üçün Eldar İsmayılovun da sitatını əlavə edirəm:

“В то же время в азербайджанскому переводе было пропущено упоминание о происхождении этого рода «от муркурджурских владетелей – потомков табасаранских испахбадов». Редакторы азербайджанского издания «Гюлистан-и Ирам» сочли этот факт «исторически не существенной частью произведения, усложняющей восприятие текста», в связи с чем заменили его намноготочие.”

Bizim əsas işimiz bu problematik sitat üzərindən Bakıxanovların əcdadlarını araşdırmaq olacaq. Gəlin əvvəlcə açar sualları təyin edək və onların üzərindən gedək:

  1. Gilanlı Xan Əhməd kim idi?
  2. 1592-ci ildə nə olub?
  3. Təbəsəran/табасаран haradır?
  4. Nurkucur/муркурджур haradır?
  5. İspahbəd/испахбад nədir?

Gəlin birinci sualdan başlayaq.

Zeydi seyidlər

Xan Əhmədin kim olduğuna diqqət yetirməzdən öncə şiəliyin tarixinə göz atmalıyıq. İlk öncə Həsən ibn Əlinin (İmam Həsən) nəvəsi Həsən ibn Zeydin həyatına baxaq. Atası Zeyd imam Həsənin ən böyük oğlu idi və imam Əlinin sədəqə xəzinəsinə nəzarət edirdi. Zeyd də, oğlu Həsən də digər şiələrdən fərqli olaraq Əməvilərlə və Abbasilərlə problemli olmayıblar. Həsən ibn Zeyd Abbasilər dövründə Mədinənin valisi idi və hətta İmam Cəfər Sadiqin evinə od vurub yandırtmışdı.¹

 

 

Onun nəvəsinin nəvəsi, eyniadlı Həsən ibn Zeyd 864-cü ildə Rey tərəflərində yaşayırdı. Abbasilərin bölgədəki əmiri Süleyman ibn Abdullahın ağır vergiləri və zülmü yerli xalqı üsyana qaldırmışdı. Üsyanı özünə fürsət bilən Həsən də onlara qoşuldu və çox keçmədən üsyanın başçısı oldu. Üsyançılar yerli fars əyanlarından da aldıqları dəstəklə tezliklə Abbasi valisini qova bilirlər. Beləliklə Həsən taxta oturur və müasir İrandakı ilk şiə dövləti yaranır.

 

 

Daha sonra bu dövlətin başına İmam Zeynalabdinin nəslindən biri keçir – Həsən əl-Utruş. Həsən əl-Utruş isə şiəliyə yeni baxış gətirir. O, ənənəvi şiəlikdən çıxaraq Nasiriyyə Zeydi şiəliyinin əsasını qoyur. Bu inanca görə əsl imam Məhəmməd Baqir yox, qardaşı Zeyd olmalıdır. Çünki o digər şiə imamlarından fərqli olaraq üsyan etmişdir, evində oturmamışdır. Onlar həmçinin təqiyyə və siğə kimi şiə adətlərini də haram sayır.Bu Zeydilər bu və ya fərqli yollarla Səlcuqlar, Monqollar və Qaraqoyunlular dövründə belə hakimiyyətdə qaldılar.

Tehran Universitetinin Mərkəzi Kitabxanasının arxivində saxlanan Xan Əhməd Xanın şeirlərindən olan bir parça

Tehran Universitetinin Mərkəzi Kitabxanasının arxivində saxlanan Xan Əhməd Xanın şeirlərindən bir parça

Bu şəxslərdən biri də Xan Əhməd Gilani idi. Özünü daim azad bir hökmdar kimi aparan Xan Əhməd axır-əvvəl Səfəvilərin qəzəbinə tuş gələcəkdi. Belə də oldu, şah Təhmasib tərəfindən 1556-cı ildə üsyankar davranışına görə Qəhqəhə qalasında həbsə atıldı. Təhmasibin oğlu İsmayılın da təsadüfən bu qalada olması Xan Əhmədlə onu yaxınlaşdırdı. Təhmasib hətta buna görə fikrini dəyişib Xan Əhmədi İstəxr qalasına köçürtdü. Bununla belə İsmayıl taxta çıxan kimi köhnə dostunu unutmayaraq Xan Əhmədi azad etdi. Əmr isə ancaq Məhəmməd Xüdabəndə tərəfindən yerinə yetirildi.

Xan Əhmədin günləri isə sayılı idi. Nəyahət fanatik şiə və mərkəziyyətləşdirmə meylli olan Şah I Abbas taxta keçincə Osmanlılarla sıx əlaqələrdə olan və qızını şahın oğluyla evləndirməkdən imtina edən Xan Əhmədə qarşı hücuma keçdi. Xan Əhməd Rusiyaya müraciət etsə də vaxtında cavab ala bilmədi. Oruc bəy Bayatın dediyinə görə döyüşdə 10.000 nəfər sivil əhali də məhv edildi. 1592-ci ildə baş verən bu işğalla İrandakı Zeydi hakimiyyəti bitdi.

Təbəsəran?

Xan Əhməd xanın kim olduğunu və 1592-ci ildə nə olduğunu anladıq.² Gələk başqa bir problematik söz olan Təbəsərana. Yuxarıdakı Xan Əhməd xan və Zeydi şiələr məsələsində gördük ki, hadisələr ancaq İranda cərəyan edib. Təbəsəran isə tarixi olaraq Qafqaz ərazisi olub. Təbəsəran xalqı, Təbəsəran dili indi də var. Hətta Şirvanşahların bir qolu “Təbəsəranşahlar” olaraq adlanıb. Bu yerdə yenə Abbasqulu ağaya müraciət edirik. Gülüstani İrəmdə bölgə haqda belə yazır:

“Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan sözündən dəyişmiş ola bilər.”

Tarixçi Xalid Yəhyanın fikrincə də bir çox mənbədə Təbəristan və Təbəsəranı qarışdırıblar.³ Həqiqətən də Xan Əhmədin və Zeydi şiələrin İrandakı əsas aktivlik arealına nəzər yetirəndə Təbəristan görünür. Tarixçi və təfsirçi, məşhur əl-Təbəri də Təbəristanda anadan olduğu üçün bu adı alıb. Güman ki, ya Abbasqulu ağa yazarkən səhvə yol vermiş, ya da 1951-ci ildə Azərbaycan dilinə tərcümə olunan Gülüstani İrəmdə səhv olmuş, redaktəsiz dəfələrlə təkrarlanmışdır.

Screenshot 2018 09 02 Google Maps - Bakıxanovlar Bakıya necə gəldilər?
Xəzər dənizinin cənub sahili Təbəristan adlanırdı
Nurkucur və İspahbəd

Rast gəldiyimiz daha bir problematik söz “Nurkucur” sözüdür. Təbəristanda nə Aşurbəylinin “Nurkucur”u var, nə də İsmayılovun “муркурджур”u var. Buna görə də, hələlik bu sözü keçək və “İspahbəd” sözünə baxaq.

 

Bu sözü ilk dəfə Sasani ordusunda yüksək bir dərəcə olaraq görürük. Ənuşirəvan şah İranın dörd əsas istiqamətində bu ispahbədləri ən yüksək hərbi vali kimi təyin edib. Bunlardan biri – Şimal ispahbədi də Azərbaycanda otururdu. Şərq ispahbədlərinin əsas mövqeyi Təbəristan idi.

 

Sasanilər dövlətinin çöküşündən sonra, Ənuşirəvanın əmisinəvəsi, son ispahbəd Qil Qavbara ərəb xilafətini tanımadı və Təbəristanda özünü müstəqil elan etdi. Lakin özünə İran şahı titulunu götürməyib ispahbəd deməklə kifayətləndi. Görünür bu Sasanilərə olan loyallıqdan irəli gəlirdi. İspahbədlər Təbəristanda uzun müddət İranda sürətlə yayılmış olan İslama qarşı dirəndilər və zərdüşti qaldılar. Hətta Çin imperatoru Hsüançonqa müraciət etmişdilər ki, onları ərəblərə qarşı qorusunlar. Belə ki, Təbəristan qəyyumu Fərruxan (忽鲁汗) Çin tərəfindən vassal kimi qəbul edilmiş, Kuisi hökmdarı (归信) tituluna layiq görülmüşdü. Lakin bunların bir xeyri olmadı və Təbəristan ərəblər tərəfindən işğal edildi.

Buna baxmayaraq, bu hələ regionda zərdüştilərin və ispahbədlərin sonu deyildi. Qil Qavbaranın ikinci oğlu olan Paduspan Təbəristanın sahil bölgələrində hakimiyyətdə idi. Paduspanların tarixi üçün Ənvər Çingizoğlunun “Soy” dərgisinin 2011-ci il buraxılışındakı 42-46cı səhifələri oxuya bilərsiniz. Bu sülalə zamanla Zeydi imamlarının hakimiyyətini qəbul edib və bu məzhəbə keçiblər. Paduspanların tarixini oxuyarkən maraqlı bir detala rast gəlirik – bu sülalədən II İsgəndər adlı bir nümayəndə Kucur şəhərini saldırır. Başqa bir detal da bu sülalədən Kavus adlı bir nümayəndənin Nur şəhərinin hakimi kimi tanınmasıdır.

Kucur hakimlərinin daha sonra Xan Əhməd xanla çox yaxın və qohum olduğunu, Nur hakimləri ilə mübahisələrdə onun vasitəçiliyindən istifadə etdiyini görürük. Kucur qolunun son hökmdarı IV Cahangir Şah Abbasın sarayında içkili olarkən iki nəfəri öldürdüyünə görə şahın qəzəbinə tuş gəlir. 1598-1599-cu illərdə tutulur və öldürülür.

Digər qol olan Nur hakimlərindən III Cahangir isə 1593-cü ildə özü gəlib Şah Abbasa təslim olur və torpaqlarını təklif edir.

%D9%87%D8%B2%D8%A7%D8%B1 %D8%AE%D8%A7%D9%84 %DA%A9%D8%AC%D9%88%D8%B1 - Bakıxanovlar Bakıya necə gəldilər?
Kucurdan bir mənzərə
Noor Caspian sea - Bakıxanovlar Bakıya necə gəldilər?
Nur sahili
Nəticə

Mənbələrdə verilən məlumatlar işığında Gülüstani İrəmdəki mətnin daha düzgün tərcüməsini edə bilərik:

Dərgahqulu bəy ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəy Təbəristan ispahbədləri nəslindən olan Nur-Kucur malikləri ailəsindəndir. Onun keçmiş babaları gilanlı Xan Əhməd hadisəsi zamanında, h.1000 (1592)-ci ildə Şirvana gəlib, Bakıda mülk sahibi və yüzbaşı rəisi olmuşlar.

Abbasqulu ağanın verdiyi məlumatlardan belə nəticəyə gələ bilərik ki, Bakıxanovlar Bakıya qaçan Nur və Kucur şəhərlərinin idarəçisi, Paduspanid sülaləsindən Təbəristan ispahbədlərinin nəslindən olub, Sasanilərin davamçısıdırlar.

Və ya ən azından Abbasqulu ağa belə düşünməyə üstünlük verib. Tarixdə o nəsildən olmadığı halda daha üstün prestijli nəsilə qohumluq iddia etmə hallarından xəbərdarıq.