Fukonun 17 Mart 1976-cı ildə verdiyi leksiyadan ixtisarla tərcüməArtıq bu il dediklərimi bir qədər tamamlamağa, mövzuları əlaqələndirməyə çalışmaq lazımdır. Tarixi proseslərin qavranılma cədvəli olaraq düşünülən müharibə problemini ortaya qoymağa çalışmışdım. Mənə elə gəlirdi ki, bu müharibə ilk növbədə və əslində, XVIII əsr boyunca belə, irqlər müharibəsi kimi dərk olunurdu, belə anlaşılırdı. Bir az da bu irqlər tarixini yenidən qurmağa çalışmışdım. Və keçən dəfə, müharibə qavramının birbaşa milli univerallıq prinsipi yolu ilə necə tarixi analizdən çıxarıldığını göstərməyə çalışdım. İndi sizə irqçiliyin əslində yox olduğunu yox dövlət irqçiliyi şəklində yenidən formalaşdırıldığı barədə danışacam. Ona görə də, bu gün sizlərə bir az izah etmək, ən azından bir az açıqlamaq istədiyim şey, dövlət irqi ayrıseçkiliyinin necə yaranması olacaq.

Fikrimcə, XIX əsrin ən əsas hadisələrindən biri, həyatın hakimiyyət tərəfindən nəzərə alınması deyə bir şeydir: bir mənada, canlı varlıq olaraq insan üzərində bir hakimiyyət qurmaq, bioloji olanın milliləşdirilməsi və ya ən azından bioloji olanın dövlətləşdirilməsi deyə bir şeyə aparan müəyyən bir tendensiya oldu. Güman edirəm ki, nə baş verdiyini anlamaq üçün nəticə olaraq, müharibəyə, irqlərə və s. münasibətin, bütün bu təhlillərin arxa planı, fonu vəzifəsi görən klassik hökmdarlıq anlayışına müraciət etməliyik. Bilirsiniz ki, hökmranlığın (suverenliyin) klassik nəzəriyyəsində, həyat və ölüm haqqı onun əsas üstünlüklərindən biri idi. Halbuki, həyat və ölüm haqqı qəribə, daha çox nəzəri səviyyədə qəribə bir haqdır. Həqiqətən də bu həyat ya da ölüm hüququna malik olmaq nə deməkdir? Bir mənada, hökmdarın həyat və ya ölüm hüququna malik olduğunu demək, əslində, hökmdar öldürə və yaşada bilər deməkdir. Hər nə olursa olsun, həyat və ya ölüm, siyasi hakimiyyətin təsir sahəsinin xaricinə çıxacaq, təbii, vasitəsiz, bir mənada əsas və radikal olan o fenomenlərdən deyil deməkdir. Bir az da irəli getsək, bir mənada, paradoksa qədər xatırlatsaq, əslində bu, dövlət duran yerdə fərdin nə öz ölümü nə də həyatı üzərində haqqı yoxdur mənasına gəlir. O, həyat və ölüm baxımından neytraldır və yalnız hökmdarın istəyinə ilə mövcud olma haqqına, ya da ölmə hüququna malikdir. […]

Həqiqətən də, yaşamaq və ya ölmək hüququ nə deməkdir? Təbii ki, hökmdar öldürdüyü kimi yaşada da bilər mənasına gəlmir. Həyat və ya ölüm haqqı həmişə balanssız və həmişə ölümün xeyrinə istifadə edilir. Hökmdarın hakimiyyətinin həyat üzərindəki təsiri yalnız hökmdar öldürdüyü andan etibarən hiss edilir. Nəticə olaraq həqiqətən də, bu həyat və ölüm hüququnun mahiyyətini öz içində saxlayan əslində öldürmə haqqıdır: Hökmdar öldürdüyü anda həyat üzərindəki haqqını istifadə edir. Bu əslində ölüm əmri vermə hüququdur. Deməli, bu həyat və ölüm haqqında, əsl bir simmetriya yoxdur. Öldürmək, ya da yaşatmaq haqqı deyil bu. Həyatda saxlamaq və ya ölümə tərk etmək haqqı da deyil. Öldürmək, ya da sağ qoymaq haqqıdır. Belə ki, bu da təbii  bir parlaq asimmetriya yaradır.

Və məncə, belə ki, XIX əsrdə siyasi hüququn ən böyük dəyişikliklərindən biri də, o köhnə hökmranlıq hüququnu – öldürmə, ya da həyatda qoyma haqqını -, yeni bir hüquqla dəyişdirmək demirəm, amma onu tamamlamaqdan ibarətdir. Yəni ki, bu, ilkini silib atmayacaq, amma ona nüfuz edəcək, içinə yayılacaq, dəyişdirəcək və tam tərsi bir hüquq və ya daha çox fərqli bir iqtidar olacaq: Yaşa”t”maq və ölümə “tərk etmək” iqtidarı. Hökmranlıq hüququ, o cümlədən öldürmək, ya da sağ qoymaq hüququ olur. İndi isə gələn o yeni hüquq da: Yaşatmaq, ya da ölümə tərk etmək haqqına çevrilir.

Bu dəyişiklik, təbii ki, birdən olmadı. Bunun təsirini hüquq nəzəriyyəsi içində görə bilərik (amma bunu sürətli keçəcəyəm). XVII əsr, xüsusilə XVIII əsr hüquqşünaslarında, həyat və ölüm haqqı barəsindəki bu sualın da o vaxtdan verildiyini görərsiniz: İctimai saziş səviyyəsində bir müqavilə imzalandıqda, yəni fərdlər bir hökmdar yaratmaq üçün, bir şəxsə özlərdən yüksəkdə, mütləq hakimiyyət vermək üçün bir araya gələndə, bunu niyə edirlər? Bunu təhlükə və ehtiyac məcburiyyətindən dolayı edirlər. Bunu həyatlarını qorumaq üçün edirlər. Yaşamaq üçün bir hökmdar yaradırlar. Bəs bu vəziyyətdə həyat həqiqətən də hökmdarın haqlarından biri ola bilərmi? Hökmdarlıq hüququnun banisi həyat deyil? Həqiqətən də hökmdar öz rəiyyətindən onları öldürmə hüququnu tələb edə bilərmi? Əgər bu sazişin imzalanma səbəbi həyatı qorumaqdırsa bu hüququn sazişin maddələrindən çıxarılmalı deyilmi? Bütün bunlar əslində həyat probleminini müzakirə edən bir siyasi fəlsəfə məsələsidir. […]

XVIII əsrin ikinci yarısı ərzində, bu dəfə qayda-qanunçu olmayan, başqa bir hakimiyyət texnologiyası olan yeni bir şeyin yarandığı görünür. […]

Nizam-intizamçı olmayan bu yeni hakimiyyət texnologiyasının tətbiq olunduğu yer, – bədənlə məşğul olan disiplindən fərqli olaraq – insanların həyatlarıdır və ya bundan əlavə – belə deyək – bədən-insanla deyil, yaşayan insanla, canlı varlıq insanla; hətta, bir mənada, növ-insanla məşğul olur.

Daha açıq deyim: İntizam, “insanlar çoxluğu”nu idarə etməyə çalışır. Belə ki, bu çoxluq təqib olunacaq, maarifləndiriləcək, istifadə ediləcək, bəlkə də cəzalandırılacaq individual bədənlərə çevrilə bilməli və çevrilməlidir. Və sonra yeni dövlət texnologiyası, insanlar bədənlərdən ibarət olduqları üçün deyil, əksinə, həyata xas və doğum, ölüm, istehsal, xəstəlik və s. kimi proseslər olan kütləvi proseduradan əziyyət çəkən, qlobal bir kütlə olması səbəbilə insanlar çoxluğu ilə məşğul olur.

Deməli, ilk olaraq, fərdiləşdirmə üsulu, bədən üzərində hakimiyyət qurulmasının ardınca, fərdiləşdirici olmayan, amma bədən-insan istiqamətində deyil, növ-insan istiqamətində reallaşan, bir mənada kütləviləşdirici olan ikinci bir hakimiyyət qurumu var. XVIII əsrdə əsası qoyulan, insan bədəninin anatom-siyasətindən sonra, bu əsrin sonunda, artıq insan bədəninin anatom-siyasəti olmayan, amma insan növünün “bio-siyasəti” adlandırdığım bir şey çıxıb.

Hakimiyyətin bu yeni texnologiyasında, bu bio-siyasətdə, qurulmaqda olan bu bio-iqtidarda əhəmiyyətli olan nədir? Az əvvəl sizlərə bunu iki sözlə izah edirdim: Doğumların və ölümlərin nisbəti, çoxalma nisbəti, bir əhalinin məhsuldarlığı və s. kimi proseslər toplusundan söhbət gedir. XVIII əsrin ikinci yarısında, bir çox iqtisadi və siyasi problemlə (bunlara artıq qayıtmıram) əlaqəli olaraq, elə güman edirəm ki, bu biosiyasətin ilk məlumat obyektlərini və ilk nəzarət hədəflərini yaratmış olan, elə doğum, ölüm, uzunömürlülük nisbətləri ilə əlaqədər olan da bu proseslərdir. Hər halda, ilk demoqrafik məlumatlarla birlikdə bu fenomenlər də eyni anda statistikaya daxil edilir. Bu, doğum barəsində, əhali içərisində konkret olaraq fəaliyyətdə olan, az-çox öz-özünə inkişaf edən, ya da az-çox öncədən hazırlanmış üsulların müşahidəsidir. Qısası, bu praktika bir növ dövlətin XVIII əsrdə tətbiq etdiyi üsulla əhalinin artmasına nəzarət yolunun, gələcəkdəki şablonların əsasını qoymuş oldu.

Bu biosiyasətdə, problem təkcə insanların təkrar artımı deyil. Heç yoluxucu xəstəliklərdən də söhbət getmir. Bu dövrdə, XVIII əsrin sonunda, epidemiyalar deyil, amma başqa bir şey önəmlidir – əhaliyə yerləşmiş xəstəliklər və bu xəstəliklərin strukturu, təbiəti, yayılması, müddəti, şiddəti. Kökünün kəsilməsi demək olar ki, çətin olan və epidemiyalar kimi artan ölümlərin səbəbi olaraq deyil amma gücün azalmasının, iş vaxtının qısalmasının, enerjinin azalmasının, istehsalatdakı əskikliklər qədər bunlara xərclənəcək pulun davamedici faktorları olaraq görülən xəstəliklərdir. Bir sözlə bu, bir əhali fenomeni olaraq xəstəlikdir: əcəllə gələn ölüm kimi deyil – bu yoluxucu xəstəlikdir – həyatın içinə sızan, onu daim gəmirən, kiçildən və zəiflədən ölüm.

İqtidarın əlindəki öldürə bilmə gücündən ibarət olan bu böyük, mütləq, dramatik, qaranlıq hakimiyyətin arxasında bioiqtidar dayanırdı. Bununla da yaşamaq və öldürmək gücünü dəyişə bilən yeni bir iqtidar növü yaranmış oldu.

[…]

Bəs əgər bu doğrudursa yeni iqtidarda öldürmə gücü və öldürmə haqqı necə olacaq? Belə bir iqtidar üçün əhalinin artmağı, xəstəliklərin azaldılması və s. doğrudursa bəs necə öldürə bilər? Burda araya irqçilik girir. İrqçiliyin bu dövrdə icad edildiyini demək istəmirəm. Çox uzun müddətdən bəri vardı. Amma deyəsən başqa yerdə işləyirdi. İrqçiliyi dövlətin mexanizmlərinə salan, məhz bu bio-iqtidarın yaranmasıdır. İrqçilik, hakimiyyətin əsas mexanizmi kimi özünü yerləşdirir. Belə ki, yolu irqçilikdən keçməmiş bir müasir dövlət yoxdur.

 

Comments