Qədim Türklər və iqlim dəyişikliyi

Qədim Türklər və iqlim dəyişikliyi

Türklər Çin salnamələri tərəfindən ilk dəfə 534-cü ildə qeydə alınmışdılar. Həmin 534-cü ildə başlayan iqlim dəyişiklikləri 8 il dünyanı köklü şəkildə dəyişdirdi. Məhz 542-ci ildə Türklər yenidən Çin salnamələrində öz yerlərini tapdılar. Bəs bu 8 ildə nə olmuşdu?

Bizans tarixçisi Prokopius 536-537-ci illər haqqında yazırdı “Həmin il günəş aytək bərq vurmağa başladı. Onun şüaları o qədər zəif idi ki, insan elə düşünürdü ki, günəş artıq gücdən düşür. Əvvəlki qədər parlaq və aydın deyildi. Həmin il müharibələr, xəstəliklər və başqa dərdlər baş qaldırdı.” Bu dəyişiklikləri təkcə Prokopius görmürdü. Anqlo-Sakson salnamələri, Çin və İrlandiya salnaməçiləri də bənzər qeydlər yazmışdılar. Qrenlandiya buz qatlarındakı araşdırmalara görə 536, 538,539, 541 və 543-cü illərdə yaranan buz qatlarında yüksək səviyyədə sulfat (yəni kükürd) izləri tapılmışdı. Dendroxronoloji (ağac kəsikləri üzərində aparılan tədqiqatlar) tapıntılara görə də 536, 537, 543, və 545-ci illər ən soyuq illər olub.

Bu soyuq illərə səbəb nə idi? Bəzi araşdırmaçılar bunu Papua Yeni Qvineyadakı vulkan partlayışı, bəziləri isə Avstraliyanın şimalında Karpentariya körfəzinə düşmüş asteroid ilə əlaqələndirirdilər. Hər bir halda insanların üzləşəcəyi əziyyət yeni başlayırdı. Çünki Mərkəzi Asiyada baş vermiş taun xəstəliyi Sasanilər imperiyasına çatmış, buradan Bizansa keçərək pandemiya halı alaraq milyonlarla insanı öldürmüşdü. Xəstəliyə imperator Yustinian özü belə yoluxmuşdu. Çində də vəziyyət yaxşı deyildi, 534-535-ci illərdə Vey sülaləsi iki yerə bölünmüş, vətəndaş müharibəsi başlamışdı. Əhalinin 80%i isə pandemiya nəticəsində qırılacaqdı. Yüksək urbanizasiya şəraitində yaşayan Bizans, Çin və İrandan fərqli olaraq türklər köçəri halda, qismən sosial izolyasiyada yaşayırdılar. Elə məhz bu illərdə də türklər Jujan xaqanlığını devirərək müstəqil dövlət kimi fəaliyyətə başladılar.

Lakin türklər də iqlimdən sığortalanmamışdı. 581-ci ildə Taspar xaqanın ölümü yüksək temperatur və az yağıntı ilə təsadüf etmişdi. Köçəri türklərin həyatı heyvanlarının, atlarının otla bəslənməsindən asılı idi. Az yağıntı isə bu heyvanların ölümünə, türklərin arasında isə aclığa gətirmişdi. Türklər əkinçiliklə məşğul olmurdular. Çin isə 581-ci ildə Suy sülaləsi hakimiyyəti altında birləşmişdi. Bu dəfə türklər iki yerə bölündülər.

Türklərə təsir edən sonrakı iqlim şəraiti 627-630-cu illər arasında baş vermiş kəskin soyuqlar idi. Çin mənbələrindən aldığımız məlumata görə bu da türklərin yaşadığı bölgələrdə kəskin qar yağıntılarına, soyuqlara və bunun nəticəsində mal-qaranın ölümünə gətirmişdi. Bu soyuq hava şəraiti həm də İrlandiya və Aralıq dənizinin şərq sahillərində müşahidə olunmuşdu.

640-cı ildən sonra isə həm istilik, həm də yağışlar artmağa başladı. Bu vəziyyət bu dəfə türklərin xeyrinə oldu. Tayfaların mal-qarası çoxaldı, xəstəliklər azaldı və türklər özlərinə gəlməyə başladılar. Təsadüfi deyil ki, 679-cu ildə türklər İltəriş xaqan başçılığında yenidən üsyan qaldırıb Çindən müstəqil oldular. İkinci Türk xaqanlığı yaradıldı. Bu müstəqil vəziyyət 745-ci ilə qədər davam etdi. Lakin iqlimdəki əlverişli vəziyyət tam olaraq davam etmədi. Bu dövrdə həm də quraqlıq başladı. 685-ci ilə aid Çin salnamələrinin qeydlərində aclıq haqqında məlumatlar vardı. Bu dövrdə həm də Çində aclıq başlamışdı. Türklər və çinlilər artıq müharibə etmirdilər. Anqlo-sakson və Mozarab salnamələri də həmin illərdə Mərkəzi Avropa, İngiltərə və İspaniyanın quraqlıq yaşadığı barədə məlumat verir.

Bütün bunlar nəticəsində tarixi hadisələrə daha geniş aspektdən baxa bilirik.

İllər boyu yağıntılarda, təbii hadisələrdə, ümumiyyətlə iqlimdə baş vermiş dəyişikliklər bizə tarixin əslində təkcə siyasi və xronoloji yöndən araşdırmalı bir mövzu olmadığını göstərir. Yəni müharibələrdəki qələbələr, siyasətdəki məğlubiyyətlər qədimdə nə Çin imperatorlarının dühası, nə də Türk xaqanlarının bədii yönlərdən şişirdilmiş cəsarəti idi. Tarixə bir çox faktorlar – məcburiyyətdən doğan ixtiralar, şanslardan doğan qələbələr, eləcə də adicə bir vulkan partlayışı nəticəsində yerə düşən günəş şüalarının vulkanik kül buludları ilə qarşısının alınması və bunun nəticəsində mal-qaranın qırılması da yön verirdi.

This Post Has 2 Comments

  1. Namiq

    Salam cavid.Səni twitter ve bloğunu izleyirəm.Ama başda yazdığını düzəltmə etmək istəyirəm.Bildiyim qədəri ilə çin qaynaqlarında ilk dəfə türk adları b.e.ə iii əsrdə yazılmıştır.”Türklər Çin salnamələri tərəfindən ilk dəfə 534-cü ildə qeydə alınmışdılar ” deyə yazmısan.Bunu düzəltmək isdədim.
    https://dergipark.org.tr/tr/download/article-file/688238 Belə bir məqalədə vardır.

    1. cavidaga

      Təşəkkür edirəm. Amma bu məqalə prototürklərdən danışır, türklərdən yəni 突厥 danışmır.

Cavab yaz