Qarabağ müharibəsi beynəlxalq sol mediada

Qarabağ müharibəsi beynəlxalq sol mediada

Perestroyka, qlasnost, Qorbaçov, Qarabağ… Bunlar hamısı SSRİnin son zənginin yaxınlaşdığını göstərən amillər idi. Bu yazımda fərqli mənbələrdən topladığım (link verəcəm) 20 Yanvar faciəsindən tutmuş, Qarabağacan Azərbaycan-Ermənistan münaqişəsi haqda yazan sol mediadan tərcümələri diqqətinizə çatdıracam.

  1. 8 Aprel 1988 – ABŞ “Workers Vanguard” qəzeti:
    “Soyuq savaş dövründə Kreml Türkiyəyə qarşı erməni millətçilərini qızışdırırdı. Ermənistandakı yeni şəhər və kəndlər Osmanlıdakı erməni kəndlərinin adını daşımağa başlamışdı. Qərbdəki soyuq savaş propaqandaçıları hətta SSRİni Türkiyədəki erməni terrorçularını həvəsləndirməkdə günahlandırırdılar. Sanki ermənilərin bunun üçün xarici təsirə ehtiyacı varmış kimi! Bununla bərabər son hadisələr göstərdi ki, erməni revanşizmi təkcə Türkiyəyə yönəlməyib.”
    “Ermənilər və azərbaycanlılar arasındakı son ciddi münaqişə 70 il əvvəl olub. Heç Meri Matossianın The Impact of Soviet Policies on Armenia (1962) kitabında Dağlıq Qarabağdan söhbət belə getmir.”
    “Əgər Sovet hakimiyyətinin ağlı olsaydı Azərbaycan xalqına öz İrandakı qardaşları arasında sosialist təfəkkürləri yaymağa kömək edərdi.”
    “Yerevanda mitinqlərdən sonra millətçi erməni liderləri mitinqləri Fevralın 27sində bir aylıq saxladılar. Bundan sonra çox keçmədən Qarabağda iki azərbaycanlının ölüm xəbəri gəldi… Sumqayıtda ermənilərə qarşı hücumlar oldu… General V. Qarayev yerli camaatın köməyi olmadan vəziyyəti nəzarət altına almağın çətin olduğunu dedi. Azərbaycanlı ailələr erməni qonşulara evlərini açdılar, bir avtobus sürücüsü bir neçə ailəni şəhərdən kənara çıxardı.”
  2. 7 Oktyabr 1988 – ABŞ “Workers Vanguard” qəzeti:
    “Ermənistan Daşnakları Rusiyada çarizm siyasətini dəstəkləyən yeganə millətçi qüvvə idi. Birinci Dünya Müharibəsi dövründə Daşnaklar Türkiyəyə qarşı döyüşmək üçün Rusiyanın xeyrinə özləri könüllü birliklər yaratmışdılar. Qismən cavab olaraq, türklər sonrakı il 1 milyondan çox ermənini qırdılar.”
    “Ermənilər ‘bazar sosializmi’ ideyasının daşıyıcılarıdırlar. Yerevanda perestroykanı belə başa düşürlər – ermənilər fabrik sahibləri olacaq, ruslar istehsalçı fəhlələr, azərbaycanlılar isə xadimələr.”
    “Keçən il, ermənilər Dağlıq Qarabağın Azərbaycan yurisdiksiyasından çıxarılıb Ermənistana verilməsini tələb etdilər. Biz keçən aprel sayımızda yazmışdıq ki, bu onların demokratik haqqıdır. Amma belə bir məsələ də var ki, bu sadəcə olaraq “Böyük Ermənistan” idealının bir hissəsidir. Sonrakı hədəfdə çoxluğu azərbaycanlılardan ibarət Naxçıvan Muxtar Respublikası var.”
    “Washington Post 12 sentyabr sayında bir erməni meyvə tacirindən sitat gətirib:
    – Azərbaycanlılar türkdür, eyni cinsdəndirlər və mən bir türkü görsəm, öldürərəm. Onlar bizim babalarımızı öldürdülər, indi də bizi öldürmək istəyirlər. Biz onlarla yaşaya bilərik – əgər insan olsalar amma onlar heyvan kimi davranırlar.
    New York Times Yerevandan bildirir ki, bir erməni intellektual deyir “biz barbarlarla əhatə olunmuş bir millətik”, küçədə bir provokator “xristian xalqları müsəlman azərbaycanlılara qarşı birləşməyə çağırır, çünki onlar çəyirtkə kimi çoxalır”
    “Sentyabrda erməni mitinqi (yerli bürokratların köməyi ilə) bir üsyana çevrildi. Azərbaycanlıların bir erməni avtobusuna hücumu şaiyəsindən sonra Xocalıda bir qrup azərbaycanlıya hücuma keçdilər, 50 nəfər yaralandı, biri isə sonra vəfat etdi. Stepanakertdə ermənilər azərbaycanlıların evinə hücum edərək 2 gün boyu o evləri yandırdı.”
  3. Oktyabr 1988 – Böyük Britaniya Workers Hammer qəzeti: yuxarıdakı məqalənin kopyasını yayımlamışdı.
  4. 26 Yanvar 1990 – ABŞ Workers Vanguard qəzeti:
    “Vəhşi millətçiliyin SSRİni bölməyə təhdidinin səbəbi 60 illik Stalinist bürokratik siyasətin nəticəsi və Qorbaçovun öz siyasətinin intensivliyidir. Sovet ordusunun ölkəyə giriş səbəbi Bakıdakı ermənilərə qarşı qırğının qarşısını almaq idi. Azərbaycanlı kütlələr – iki il əvvəl torpaqlarından didərgin düşmüş olanlardan ibarət idi – onları öldürməyə və balkonlardan atmağa başladılar. Bəzi azərbaycanlılar bundan qorxdular və hətta öz canlarını riskə ataraq erməni dost və qonşularını qorudular. Komsomolskaya Pravda qəzeti yazır ki, Əfqanıstanda döyüşmüş azərbaycanlı müharibə veteranları erməni məhlələrini qoruyurlar. Qırğınlar təkcə bir tərəfə ünvanlanmayıb. Erməni partizanlar Sovet ordusundan alınmış helikopterlərlə azərbaycanlı kəndlərinə hücumlar edirlər. İzvestiya qəzeti yazır ki, 3000 erməni Naxçıvandakı bir kəndə hücum edib.”
    “Bəzi Rus analar öz oğullarının Qafqazdakı vəziyyəti həll etmək üçün göndərilməsinə etiraz etdilər”
    “Niyə Qorbaçovdan sonra millətçi hərəkatlar gücləndi? Sovetdən gələnlər həmişə Bakını kosmopolit şəhər olaraq fəxrlə göstərərdilər. Xalqın 10 faizi olan erməni cəmiyyəti azərbaycanlı qonşularla qorxusuz, rahat yaşayırdı. Evliliklər olurdu, yüz minlərlə azərbaycanlı da Ermənistanda yaşayırdı. Qorbaçov höküməti nə erməni nə də azərbaycanlı fəhlələri burjua millətçilərinə qarşı çıxmağa qarşı səsləmir.”
    “Azərbaycanlıların gözündə ermənilər rusların sevimlisidir. Azərbaycanlı millətçilər İrana qoruyucu kimi baxırlar. Mitinqlərdə Xomeyni fotoları gəzdirilir, “ermənilərə ölüm!” şüarları ilə birgə “İslam respublikası” şüarları səsləndirilir. İndi də Naxçıvan müstəqilliyini elan edib və İrana birləşmək istəyir.”
    “Kommunizm azərbaycanlılara və türkcə danışan Sovet xalqlarına daha çox şey verə bilər. Leninist hökümətdə İranda əzilən azərbaycanlılar Sovetə gələrdi, azərbaycanlılar İrana yox. Sovet Azərbaycanının Araz çayı ətrafındakı türk xalqlarını birləşdirmək istəyi Qafqazdakı milli məsələlərə daha proqressiv yön verərdi”
  5. International Socialism qəzeti, 1990 bahar buraxılışı
    “İzvestiya bildirir ki, Qarabağdakı etirazlar iqtisadi çətinliklərə görə baş vermişdi. Ət və yağ limitli idi. Kəndli ailələrin yarısının inəyi yoxdur, üçdə birinin heyvanı belə yoxdur. Stepanakertdə gündə cəmi bir saat su verilir.”
    “Moskva xəbərləri də 1988-ci ildə Sumqayıtdakı vəziyyətdən yazır – kiçik şəhərdə 55 yaşayış binası vardı və onlar bəxtəvərlərin idi. Başqaları dəmir listlərdən hazırlanmış daxmalarda yaşayırlar. Əgər TV antenaları və asılan paltarlar olmasa orada insanların yaşadığını belə düşünməzdik.”
    “29 sentyabr 1988-ci ildə Kommunist qəzeti yazırdı ki, Azərbaycanda 250.000 nəfər işsiz var. Bakı radiosu Azərbaycan dilinin Rus dili qarşılığında istifadəsinin məqsədyönlü azaldığını çatdırır.”
  6. 1988-ci il, Socialist Review qəzeti, Dekabr buraxılışı – yuxarıdakı məqalənin eynisi. Tək fərqi “azərbaycanlıların imtiyazlı olduğunu demək doğru olmazdı” cümləsinin mövcudluğudur.
  7. Workers Vanguard – 16 iyul 1993
    “Kapitalist Qərb mediası xristian ermənilərə simpatiya duyur. Bakıdakı ermənilərin qırılması haqqında çox yazı dərc olundu, lakin ermənilərin apardığı etnik təmizləmə haqqında heç nə yazılmadı!”
    “Müharibə təkcə Qarabağ uğrunda baş vermir. Keçən aprel, ermənilər on minlərlə azərbaycanlı kəndlini evlərindən qovdular ki, Qarabağ üçün korridor yaratsınlar. Əslində bu bir işğal idi. Onlar təkcə azərbaycanlıları hədəf almırlar. 1992-ci ilin mayı ermənilər korridor üçün Laçını ələ keçirdilər. Laçın erməni ordusu tərəfindən yandırılıb yerlə yeksan edilərkən Qərb mediasında onun kürdlərin yaşadığı zona kimi göstərirdilər. Guardian jurnalında Jonathan Steele (25 May 1992) bir xəbər çatdırır və Ermənistan xarici işlər nazirindən sitat gətirir – Laçının kürd xalqı öz qapılarını ermənilərə açdılar. Jonathan Steele sonra bu şərhi əlavə edir – əgər həqiqətən belə olsaydı gərək kürdlər erməniləri qurtarıcı olaraq qarşılayardılar amma oralarda kürd filan gözə dəymir. Bu əslində elə də qeyri adi bir hadisə deyil. 1948-ci ildə sionistlər deyirdilər ki, Fələstində ərəblər öz mülklərini öz istəkləri ilə tərk edirlər. Halbuki əslində bu klassik etnik təmizləmə hadisəsi idi.”
  8. Workers Vanguard – 1994
    “Qərb – xüsusilə Amerikan – mediası tez-tez təkcə erməni tərəfinin itkilərindən xəbər verir. Halbuki 1992-ci ilin mayında 45000 azərbaycanlı Dağlıq Qarabağdan qovulub. Sonrakı illərdə Şaumyan və Mardakertdən 40000 erməni qaçıb. Hər 6 azərbaycanlıdan biri qaçqındır və Azərbaycanın ərazisinin beşdə bir hissəsi işğaldadır. 11 milyon nəfərdən toplam 20000 azərbaycanlı və erməni həlak olub. Bakıdan 350000 erməni, Ermənistandan 200000 azərbaycanlı qovulub. 1992-ci ildə ermənilər Laçın qarət edib yandırandan sonra 20000 kürd qovulub.”
    “Neft və əhalinin çoxluğuna baxmayaraq Azərbaycan bu müharibədə uduzdu. Çünki Yeltsin hakimiyyətindən sonra Rusiya Yerevan rejimini yemək və hərbi materialla təmin etdi.”

Verdiyim linklərə tıklamaqla qəzetlərin PDF versiyalarını kompüterlərinizə köçürə bilərsiniz. Görünür o vaxtlar hadisələri Azərbaycan perspektivindən çatdırmış qəzetlər əsasən bunlar olub. Bu qəzetlərin ideoloji görüşü də Trotskist düşüncə əsasında qurulub. Əlbəttə – marxists.org saytından axtarış edərək başqa məlumatlar da tapa bilərsiniz.

This Post Has One Comment

  1. Təranə

    Cavidağa,bunları rus və qərb mediasına da gõndərin,zehmet olmasa

Cavab yaz