Normalda akademik məqalələri JStordan oxuyuram. Dünən ilk dəfə Nizamülmülkün “Siyasətnamə”sinin Azərbaycan dilinə tərcüməsini oxudum. Kitab 2007-ci ildə Çıraq nəşriyyatında çap olunub. Çox maraqlı idi ki, kitab birbaşa kiril variantından çevrilmişdi, yəni müasir dövrün “senzura”sından uzaq. Sitat:

Ona gorə də Nizamülmülk və «Siyasətnamə»dən danışarkən marksizmin öyrətdiyi və həqiqətin göstərdiyi kimi, yalnız tarixi şəraitdən çıxış etmək, o dövrdə baş verən hadisələri yalnız o dövrün süzgəcindən keçirmək lazımdır.
Bu sitatdan sonra isə “Vladimir İliç yazırdı” ifadəsini bold, italic qarışdırıb yazır. Belə çox mırt. Nə isə. Kitabda Nizamülmülk məzdəkilərdən tutmuş şiələrə, xaricilərə, batinilərə, qərmətilərə, xürrəmilərə, ismaililərə qədər qeyri-sünni nə qədər məzhəb varsa yıxıb sürüyür. İlk əvvəl oxuyanda insana dini fanatik, İŞİD manifestinin orijinal müəllifi kimi gəlir. Elə sonda özü də ismaili haşhaşiləri tərəfindən öldürülür. Nə isə, başqa nüanslar da var.
Kitabı oxuyanda insan məəttəl qalır ki, niyə qeyri-sünnilərə nifrət püskürür amma Sasanilərdən, Zərdüşt dövründən sitat gətirəndə ehtiyatlı davranır. Türklərə “axmaq, cahil” deyir amma farslar barədə bunu demir. Hətta Sasani şahı Qubadın Məzdəkiliyə gəlməsi, daha sonra oğlu Nuşirəvanın onu yolundan döndərməsindən bəhs edəndə maraqlı səhnə quraşdırır: guya Məzdək astrologiya bacarığı olduğu üçün yeni peyğəmbərin gələcəyini – Məhəmmədi nəzərdə tutur – başa düşür. Amma elə bilir ki, bu peyğəmbər özüdü. Zərdüştlüyü əslinə qaytarmaq istəyir. Lakin, əsas dindən tək fərqi – insanların mallarını və arvadlarını paylaşmaqlarıdı. Nuşirəvan Fars vilayətindən bir din adamı çağırır və Məzdəklə “debat” edirlər.
Bu din adamı əvvəlcə deyir ki, sən əsl peyğəmbər deyilsən, çünki əsl peyğəmbər bütün dinlərdən fərqli bir din gətirəcək. Sən isə Zərdüştlüyü sadəcə bərpa edirsən. Sonra əsas məsələyə qayıdır – əgər malı halal edib hər şeyi ümumiləşdirsən bu sədəqə, zəkat verənlər, körpü, yol çəkdirənlər necə savab qazanacaq? Arvadları halal etsən 20 əri olan qadının uşağı olsa atasının kim olmağı hardan bilinəcək? Şahın nəsli kəsilər. Şahın nəsli kəsilsə dövlət dağılar. Dövlət olmayanda böyük kiçik fərqi olmur. İnsan yoxsul olanda gedir varlının yanında işləyir ki, pul qazansın. Əgər hamı bərabər olsa dövlətin nə mənası qalar?
Nizamülmülk bunu yazaraq iki qrupa səslənirdi – hökmdarlara və varlılara. Varlıların varlı qalmağının sırf dövlət sayəsində olduğunu, hökmdarların da hakimiyyətdə qalmağının əsas səbəbinin din və digər ünsürlərdən istifadə edə bilmə bacarığı olduğunu göstərirdi.
Patriarxat və dövlət – bu iki geridə qalmış qurumun beynini yuduğu insanlardır ki, indi o dəqiqə seksual inqilabdan, feminizmdən, sosial bərabərlikdən danışanda qorxuya düşüb söhbətdən qaçırlar.
Kitabın gerisini oxumağınızı da məsləhət görürəm, çox maraqlıdır.

Comments